AzVision.az-ın Analitik Qrupu

“İpək Qüvvə”: Türklər dünyaya nə verə bilər |Lonqrid

// Türk sivilizasiyası ilə bağlı sualları düzgün cavablandırmağın vaxtıdır

S

on vaxtlar XXI əsrin “türk əsri” olacağı haqda fikirlər tez-tez səslənir. Bu zaman ilk növbədə “türk əsri” deyilərkən nəyin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır. Populizmi kənara qoyub, praqmatik müstəvidə yanaşsaq, XXI əsrin ilk yarısında türk coğrafiyasında planlaşdırılan proseslər bu məkanda inteqrasiyanın dərinləşməsini və iqtisadi-sosial, elmi-texniki tərəqqinin yüksəlməsini nəzərdə tutur. Əgər planlar uğurla həyata keçirilsə, XXI əsrin ikinci yarısında Türk Birliyi dünyanın nüfuzli qüvvələrindən, hətta güc mərkəzlərindən biri olacaq.

Nələrin nəzərdə tutuluduğu “Türk Dünyası 2040 Vizionu” adlı sənəddə ətraflı təsvir edilib. Türk Şurasının 12 noyabr, 2021-c ildə İstanbulda keçirilən 8-ci Sammitində iki tarixi qərar qəbul edilmişdi: Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi və “2040 Vizionu” adlanan fəaliyyət planı. 17 səhifəlik bu sənəd Türk Dünyasının gələcək inkişafının yol xəritəsi sayıla bilər.

Türk dünyası: 20 il sonra…

Sənəddə açıq şəkildə vurğulanır ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin “Şərq-Qərb və Şimal-Cənub ticarət dəhlizlərini bir-birinə bağlayan, qlobal iqtisadi sabitliyə töhfə verən güclü iqtisadi birliyə çevrilməsi” nəzərdə tutulub. Bununla yanaşı:

• Bölgələrarası rəqəmsal əlaqələrin qurulması, Təşkilata üzv ölkələrdə Dördüncü Sənaye İnqilabının dəstəklənməsi, “Big Data”nın tətbiqilə qlobal məlumat bünövrəsinə dayanan iqtisadiyyatların daha sıx inteqrasiyası;

Rəqəmsal, “yaşıl” və “ağıllı” iqtisadiyyatlar, “ağıllı” şəhərlər qurmaq yönündə müxtəlif sahələrdə digital texnologiyaların və Süni İntellektin tətbiqi;

• Ölkələrin kosmik texnologiyaları dinc məqsədlə inkişaf etdirmək istiqamətində səyləri birləşdirmələri;

2021-ci ilin İstanbul sammiti Türk dünyasının inkişafında yeni mərhələnin başlanğıcını qoydu

• Üzv dövlətlərin enerji əməkdaşlığının tədarükçü-istehlakçı münasibətlərindən təmiz/yaşıl enerjini vurğulamaqla enerji təhlükəsizliyi və effektivliyini dəstəkləyən qabacıl  texnoloji əsaslı enerji münasibətlərinə keçirilməsi;

• İpək yolu boyunca ortaq turizm potensialının, infrastrukturunun yaradılması və inkişafı;

• Türk Dövlətləri Təşkilatının əhatə etdiyi bölgənin elmi araşdırmalar, təhsil və innovasiyalar mərkəzinə çevrilməsi, bu istiqamətdə layihələrin dəstəklənməsi üçün maliyyə mexanizmlərinin qurulması;

…və xeyli digər əhəmiyyətli addımların atılması nəzərdə tutulur.

Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə dokotoru Ravşan Nazorov AzVision.az üçün yazdığı məqalədə xatırladır ki, 2002-ci ilin noyabrında TDT-nin Səmərqənd Sammiti zamanı “Türk Dünyasına Baxış-2040” Konsepsiyasının həyata keçirilməsinin tərkib hissəsi olan “2023-2027-ci illər üçün İnkişaf Strategiyası” da qəbul edilib. Yəni praktik addımların atılmasına başlanılıb. 

TDT-nin Səmərqənd sammitində 2040-cı ilə doğru ilk addım atıldı

2040-cı ilə Baxış Sənədi kifayət qədər geniş istiqamətləri əhatə edən inkişaf konsepsiyasıdır. Amma sadəcə bizim sadaladıqlarımızdan da aydındır ki, bunların həyata keçiriləcəyi təqdirdə türk dövlətlərinin yerləşdiyi məkan həqiqətən də dünyanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Amma bu zaman bəzi suallar da ortaya çıxır.

Köhnə meydan, təzə oyunçu

Keçən əsrin ortalarında formalaşan hazırkı dünya nizamında ənənəvi güc mərkəzləri var və təbii ki, onlar rəqib kimi gördükləri yeni qüvvəni gül-çiçəklə qarşılamağı düşünmürlər. Türk ölkələrinin planetdəki rolunun artması bir çox dövlətləri və geosiyasi mərkəzləri qıcıqlandıracaq. Bu zaman gərginliklərin yaranması da mümkündür. “Türk Dünyasının 2040 Vizionu”nda nəzərdə tutulan məsələlərin reallaşdırılması il bağlı narahatlıqlardan biri məhz bu məqamla – geosiyasi rəqabətlə bağlıdır.

Türk dövlətlərinin böyük ərazi və əhali potensialı var. Təkcə Qazaxıstanın ərazisi Qərbi Avropadan böyükdür. Qars Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri Elnur Həsən Mikayıl AzVision üçün yazdığı köşə yazısında qeyd edir ki, əgər bu gün Türk Dövlətləri Təşkilatı bir ölkə olsaydı, o zaman 3,8 trilyon dollarlıq iqtisadiyyatla dünyanın yeddinci böyük gücü sayılacaqdı. Ona görə də Türk dövlətlərinin təşkilatlanması bəzi gücləri narahat edir. Çünki bu halda türk ölkələrinin təklikdə reallaşdıra bilmədikləri potensiallarının tətbiqi üçün böyük imkanlar yaranır.

2040-cı ildən sonra regionda balans yaradan yeni qüvvə formalaşacaq

Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Yerkin Baydarov da bu fikri bölüşür ki, TDT-ni qarşıda türk birliyi əleyhdarlarının təşkil edəcəyi müxtəlif geosiyasi "tələ"lər gözləyir. Türk Dövlətləri buna hazır və onları öz "oyun qaydalarını" tətbiq etmək yolunda maneə kimi görənlərə qarşı çox diqqətli olmalıdırlar.

Bu istiqamətdə ortaya çıxa biləcək potensial problemlərdən yayınmaq üçün Türk ölkələrinin media müstəvisində dünyaya daha çox açılması və özlərini, keçmişlərini, mahiyyətlərini daha çox təbliğ etmələri lazımdır. Siyasi-iqtisadi inkişaf prosesi türklərin qlobal media müstəvisində də iştirakının artması ilə paralel getməlidir. Zira türklərin böyük bir üstünlüyü var: Tarix onların tərəfindədir.

Türklər öz dillərini, mədəniyyətlərini, tarixini, etnoqrafiyasını geniş təbliğ etməlidirlər. Bu sahədə Frankofoniya, Portuqaldilli Ölkələr Birliyi, Latın İttifaqı, Ərəb Dövlətləri Liqası, İspanidad Birliyi kimi beynəlxalq təşkilatların təcrübəsinə də əsaslanmaq olar. Özbəkistanlı tarixçi Ravşan Nazarovun türklərin vahid tarixi və ensiklopediyasının yazılması təklifi də maraqlı görünür.

Türk dünyasının tarixdəki roluna həsr olunmuş əvvəlki lonqridin "Tarixin arxa bağçasındakı çiçəklər" adlandırılması təsadüfi deyildi. Bu romantik ad acı bir həqiqətə - dünya alimlərinin günü bu gün də türklərin tarixdəki rolunu düzgün qiymətləndirmədiklərinə işarə idi. Halbuki, Türk sivilizasiyası yüksəlişdə olduğu dövrlərdə bəşəriyyətə böyük töhfələr verib və indi onu yenə də təkrarlaya bilər. Bunun üçün türkləri daha yaxşı və obyektiv tanımaq lazımdır. Ona görə də əvvəlki lonqriddə biz məsələyə restrospektv yanaşmışdıq. Bu dəfə isə perspektivə baxmağın vaxtıdır.

Balans yaradan qüvvə

Qafqaz ilə Orta Asiya Çin, Hindistan, İran və Rusiya kimi böyük regional dövlətlərin arasında yerləşir. İngilislərin də bu bölgədə tarixən maraqları olub, hazırda da var. Belə bir mürəkkəb bölgədə sabitliyin olması üçün mütləq balans yaradan qüvvəyə ehtiyac duyulur.  İstanbul universitetinin prorektoru, professor İlyas Topsakalın sözlərinə görə, həmin qüvvə məhz türklər ola bilərlər:

- Avropa Birliyi də bu coğrafiyada önəmli oyunçudur, çünki ən azından istehlakçı tərəfdir. Çin, Hindistan kimi ölkələr isə istehsalçıdırlar. İstehsalçının da, istehlakçının da maraqlarının üst-üstə düşdüyü nöqtə sabitlikdir. Rusiya və  Çin də daxil olmaqla heç kim bölgədə qarşıdurma və savaş istəməz. Bunu istəyən başqa güclər ola bilər. Belədə türk dünyası üçün tarixi fürsət yaranır. Şərqdən Qərbə uzanan nəqliyyat dəhlizi boyunca iqtisadi və mədəni birlik yaradaraq, sabitliyi təmin edərək ticarətin, mədəniyyətin, iqtisadi-sosial yüksəlişin olduğu bir məkan formalaşdırmaq mümkündür.

İlyas Topsakal:

Professorun fikrincə, hazırda bu istiqamətdə tarixi şərait artıq yaranıb. Onun reallaşa bilməsi üçün türk dövlətlərinin arasında inteqrasiya dərinləşməlidir. “Ağılla yanaşanlar görəcəklər ki, bu layihə istər bölgə, istərsə də dünya üçün qurtuluş deməkdir. Qərb də, Amerika da çox uzaqdadırlar. Amma bölgənin insanları ticarət və mədəniyyət sahəsində anlaşa bilsələr, qazanacaqlar”,- o vurğulayıb.

Klassik geosiyasətdə belə hesab olunur ki, Avrasiyanın mərkəzinə nəzarət edən güc bütün materikdə aparıcı rol oynayacaq. Burada belə bir tarxi paradoks meydana çıxır: Həmin ərazidə - yəni Avrasiyanın mərkəzində,- türklər yaşasalar da, yeni tarix başlayandan bəri heç vaxt söz sahibi olmayıblar. Bura Rusiya, Çin və Avropa arasında mübarizə meydanı olub. İndi isə nəzəriyyəni yoxlamaq üçün yaxşı tarixi şərait yaranır.

Azərbaycan parlamentinin deputatı, “Türk dünyası” adlı 5 cildlik əsərin müəllifi Cavanşir Feyziyevin  
sözlərinə görə, müstəqil türk dövlətlərinin ərazisində təsdiq olunmuş resursların ümumi həcmi 27 Avropa ölkəsinin ərazisindəki resurslardan dəyər baxımından 2 dəfə çoxdur. Amma əhalinin müqayisəsinə gəldikdə, türk dövlətlərinin ərazisində yaşayan əhalinin sayı Avropa İttifaqında yaşayanlardan 2 dəfə azdır. "Nəticədə, türk məkanında adambaşına düşən təbii resursların həcmi hər bir avropalının payına düşən resursların həcmindən 4 dəfə çox alınır. Amma bunlar xammal şəklindədir. İndi onları dəyərə çevirmək üçün elm və texnologiyaya ehtiyac var",- deputat bildirib.

Cavanşir Feyziyev: "Türklər ya müstəqil gücə çevrilməli, ya da hansısa güc mərkəzinin təsiri altında əriyib getməlidirlər"

Digər tərəfdən, Avropa Birliyinin yaranmasında rast gəlinən problemlər bizdə yoxdur. Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrin xalqlarını ortaq keçmiş, vahid dil və mədəniyyət birləşdirir. Türk ölkələrinin və xalqlarının etnik-mədəni birliyi boş söz deyil. Bunu türk oykumeni vətəndaşlarının çoxu kimi, türk dövlətlərinin rəhbərləri də yaxşı bilirlər. Bu isə inteqrasiyanı xeyli asanlaşdırır.

Amma əlbəttə ki, türk dövlətləri və xalqları bir-biri ilə çoxtərəfli əməkdaşlığı təkcə tarixi-mədəni parametrlər baxımından yaxın olduqlarına görə deyil, həm də səmərəli və faydalı olduğuna görə davam etdirməlidirlər.

Cavanşir Feyziyevin fikrincə, Türk Dövlətləri Təşkilatı aralıq mərhələdir. Son məqsəd türk dövlətlərinin siyasi-iqtisadi, hərbi birliyinin meydana gəlməsidir. Yalnız bu halda onlar dünya miqyasında güc mərkəzinə çevrilə bilərlər. Əks halda isə hansısa güc mərkəzinin təsirinə düşərək, əriyib getməyə məcbur olacaqlar.

Sülh “dəhlizi”

Tarixi İpək Yolu kimi, Yeni İpək Yolu da əsasən türk dövlətlərinin ərzisindən keçir. Bu layihəyə 900 milyard dollar investisiyanın qoyulması nəzərə tutulub. Söhbət təkcə ticarət dəhlizindən getmir. Yeni İpək Yolu dünyanın 68 ölkəsinin iqtisasi-sosial vəziyyətinə təsir göstərəcək. Həmin ölkələrdə planetin əhalisinin 60 faizi yaşayşır və dünya iqtisadiyyatının 30 faizindən çoxu formalaşır. Bu layihənin 2040-cı ilə qədər 19 trilyon dollar gəlir gətirəcəyi, böyük bir bölgədə mədəniyyətin, tibbin və digər sahələrin inkişafına təkan verəcəyi gözlənilir.

Bütün tarixi dövrlərdə İpək Yolu üçün körpü rolunu oynamaları türklərin xarakterinin formalaşmasına böyük təsir göstərib. Türk fobiyasından əziyyət çəkənlərə açıq izah etməyə ehtiyac var ki,
Türk ölkələri və xalqlarının sülhpərvər olduqlarını təkcə tarix yox, coğrafiya da təsdiqləyir.  Çünki bu ölkələr Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayırlar. Belə bir rola sahib olan dövlətlər və onların İttifaqı heç vaxt müharibə istəyə bilməz. Çox sadə səbəbdən: Körpünün işləyə bilməsi üçün sabitlik olmalıdır.


AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikasının Tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov
təsdiqləyir ki,türk ulusları heç vaxt yaşadıqları və yayıldıqları ərazilərdə heç bir ölkənin elmi, iqtisadi, mədəni və ya digər potensialına ziyan vurmayıblar. Bunu biz Osmanlı dövlətinin tarixində çox yaxşı görürük. İndiyədək mövcud olmuş türk dövlətlərinin arasında başqalarına təhdid yaradanı olmayıb. “Atillanın Macarıstana və ya bulqar türklərinin Bolqarıstana qədər gedib çıxmaları həmin xalqların həyat tərzinə mənfi təsir göstərmişdimi? Xeyr! Nəinki onları assimlyasiyaya uğratmadılar, hətta  əksinə, lazım olanda özləri onların dilini qəbul etdilər”,- professor vurğulayır.

Mais Əmrahov: "Türk sivilizasiyası bəşəriyyətin inkişafına müstəsna töhfələr verəcək"

Türk sivilizasiyasının güclənməsində İslam dünyası xüsusilə maraqlı olmalıdır. Çünki tarixi təcrübə var: Türklərin güclənməsi hər zaman İslam dünyasnın güclənməsi deməkdir. Türklər bu sivilizasiyan ayrılmaz tərkib hissələridirlər. Biz əvvəlki lonqriddə göstərmişdik ki, Avropda “İslam elmi” kimi qəbul olunan bilikləri çox vaxt məhz türk alimləri yaradıblar. İslamı qlobal dinə çevirən də məhz türklər olublar, ərəblər yox. Amma bu, bütövlükdə İslam aləminə xidmət edib. Bu dəfə də eyni ssenarinin təkrarlanması labüddür. O sadə səbəbə görə ki, türk insanı eyni zamanda iki sivilizasiyanın daşıyıcısı və xidmətçisidir.

Sivilizasiyaların "fəlsəfəsi"

Türklər döyüşkən xalq olsalar da, türk sivilizasiyası militarist və aqressiv sivilizasiya deyil. Avropada elm və texnika müharibələrin təsirilə inkişaf edib. Qərbdə elmin inkişafını hərb sahəsindən ayrı təsəvvür etmək mümkün deyil. Simvolik misallardan biri:
Çarlz Darvin Təkamül Təlimini yaratması ilə nəticələnən ekspertizaya Krallığın “Biql” adlanan hərbi gəmisində getmişdi. Antibiotikdən tutmuş psixoanalizə, raket texnologiyasından tutmuş pestisidlərə qədər əksər vacib elmi kəşflər məhz müharibələrin hesabına mümkün olub.

Qərbdən fərqli olaraq, Şərqdə elm heç vaxt militarist xarakterli olmayıb

Günü bu gün də ABŞ-ın Müdafiə Nazirliyi ölkədə fundamental elm sahəsində araşdırmaları maliyyələşdirən üçüncü ən böyük sponsordur. Yəni heç nə dəyişməyib: Qərbdə elmi-texnoloji inkişaf yenə də militarist relsləri üzərində gedir. Texnoloji kəşflər DARPA-nın labarotoriyalarından Orduya keçəndən ən yaxşı halda 10 il sonra mülki texnologiyalarda tətbiq edilir. Bu mövzu ilə maraqlananlar amerikalı tarixçi və sosioloq Syuzan Lindinin “Şüur müharibə dumanında” (Susan Lindy, “The Mind in the Fog of War. Science and Technology on the Fields of Battle”) kitabını oxuya bilərlər. Nil Deqrass Taysonun “Müharibənin xidmətində: Astrofizika ilə Ordunun gizli ittifaqı” (“Accessory to War: The Unspoken Alliance Between Astrophysics and the Military”) kitabı da müasir dövrdə Qərbdə elmin hansı relslərlə inkişaf etdiyini göstərir.

Qərb sivilizasiyalarından fərqli olaraq, Şərqdə elmə və tərəqqiyə heç vaxt bu şəkildə, yəni müharibənin aksessuarı kimi yanaşılmayıb. Barıt əsrlər qabaq Çində kəşf olunsa da, yalınız Avropaya çatandan sonra silaha çevrildi. İslam dünyasının niyə inkişafda Qərbdə uduzmasına dair müxtəlif nəzəriyyələr var, amma səbəblərdən biri də məhz bu ola bilər: Elm həmişə  müharibədən ayrı, “təmiz” elm xatirinə inkişaf etdirilib. Böyük keçmişi olan bu ənənəni gələcəyə daşımaq vacibdir. Bunu edənlərdən biri də türklər olacaq.

Epiloq

Ticarət əsrlər boyunca xalqları varlandıran əsas fəaliyyət kimi tərəqqinin mühərriki olub.  Böyük coğrafi kəşflər dövrünə qədər türklər qlobal ticarətin bir növ qeyri-rəsmi təminatçısı idilər.  Amma bu zaman sadəcə Şərq ilə Qərb arasında körpü olmaqdan daha böyük  rol oynayıblar. Orta əsrlərdə dəniz yollarının kəşfi ilə vəziyyət dəyişib. Amma indi tarixin təkəri yeni dövrə vurur: İpək Yolu təzədən aktuallaşır, türklərin dünya səhnəsindəki rolu isə  yenidən gündəmə gəlir. Bunlar bir-birilə tam əlaqəli olmasalar da, eyni tarixi prosesin tərkib hissələridirlər. Bütün əlamətlər onu göstərir ki, yeni başlayan  tarixi mərhələdə türk dövlətləri təzədən  qlobal səhnədə ciddi rol oynayacaqlar. Tarixi analizə əsaslansaq, bu, dünyaya yeni imkanlar vəd edir. Qalanını isə əlbəttə, zaman təsdiqləyəcək.

  20 Fevral 2023    Oxunub: 14204    Oxunma vaxtı: 23 dəq.

23 dəq.